REGİONLAR
Şəhidlər unudulmur VİDEO
Ağsu, 17 dekabr, Adil Ağayev, AZƏRTAC
Dekabrın 17-də Ağsu şəhərindəki Şəhidlər xiyabanında bu il avqustun 9-da Tovuzun Əlibəyli kəndi yaxınlığında erməni təxribatçılarının hücumu zamanı yaralanaraq şəhid olmuş rayonun Padar kənd sakini Rüfət Fətəlizadənin müdafiə nazirinin 2014-cü il 21 noyabr tarixli əmri ilə təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yüzlərlə ağsulunun, o cümlədən gənclərin iştirak etdikləri mərasimdə şəhidin məzarı əklil və qərənfillərlə bəzədilib, ruhuna dualar oxunub.
Medalı Müdafiə Nazirliyinin adından Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu komandirinin tərbiyə işləri üzrə müavini, polkovnik Elşad Əbilov şəhidin qardaşı Əmrah Fətəlizadəyə təqdim edib.
Mərasimdə çıxış edənlər şəhid Rüfət Fətəlizadənin mənalı həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, bu il yanvarın 8-də rayondan hərbi xidmətə yola salınan Rüfət Fətəlizadə torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən 136-cı ağsuludur.
Rüfətin şücaətindən, hələ yeniyetmə ikən idmana böyük maraq göstərməsindən, bir sıra yarışlarda uğurlar qazanmasından söhbət açan tədbir iştirakçıları bu cür vətənpərvər övlad böyüdüb boya-başa çatdırdığı üçün Fətəlizadələr ailəsinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edilib ki, gənc yaşlarında əbədiyyətə qovuşan bu insanlar təkcə böyüyüb boya-başa çatdıqları ailədə, məhəllədə, kənddə, rayonda deyil, bütün Azərbaycanda hər kəs üçün əziz olan unudulmaz qəhrəmanlardır.
Şəhidin atası Nazim Fətəlizadə mərasimdə çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.