ELM VƏ TƏHSİL
“Şəhidlər unudulmur” adlı aksiya təşkil edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən “Şəhidlər unudulmur” adlı aksiya təşkil edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, 27 sentyabr - Anım Gününə həsr olunan aksiya Şəki Regional Elmi Mərkəzində nəzərdə tutulmuş tədbirlər çərçivəsində həyata keçirilib.
Tədbir Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının, Gənc Alim və Mütəxəssislər Şurasının, Qadınlar Şurasının və YAP-ın yerli təşkilatının üzvlərinin təşəbbüsü və yaxından iştirakı ilə reallaşdırılıb.
Aksiya çərçivəsində əməkdaşlar Şəki rayonunda yaşayan bir qrup şəhid ailəsinə baş çəkib, onların problemləri ilə maraqlanıb, məktəbəqədər və məktəbyaşlı şəhid övladlarına müxtəlif hədiyyələr, məktəbli çantaları və ləvazimatlar təqdim ediblər.
Bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.