MƏDƏNİYYƏT
“Şəhidlər unudulmur” adlı virtual sərgi hazırlanıb
Bakı, 11 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı “Şəhidlər unudulmur” adlı virtual sərgi hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, sərgi Qarabağ müharibəsi iştirakçısı, şəhid Cəbrayılov Dərdayıl Süleyman oğluna həsr olunub.
Xatırladaq ki, Cəbrayılov Dərdayıl 1960-cı il iyunun 27-də Bakı şəhəri, Türkan qəsəbəsində fəhlə ailəsində anadan olub. O, 1967-ci ildə 119 nömrəli tam orta məktəbin I sinfinə gedib. Dərdayıl məktəbi 1977-ci ildə bitirdikdən sonra hərbi xidməti vətəndən uzaqlarda, Almaniyada keçib. Əsgəri xidməti başa vurduqdan sonra əmək fəaliyyətinə əvvəl “Kommunist”, sonra da “Qızıl Şərq” mətbəəsində davam etdirib. Qarabağda baş verən döyüşlərlə əlaqədar könüllü olaraq cəbhəyə gedib və Ağdərə Polis İdarəsində polis starşinası kimi işə başlayıb.
D.Cəbrayılov 1992-ci il dekabrın 5-də Koçaqot yüksəkliyi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq dekabrın 15-də dünyasını dəyişib. Döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra Türkan qəsəbəsində yerləşən 119 nömrəli tam orta məktəbə qəhrəmanın adı verilib.