QAN YADDAŞI
Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımız azadlıq mübarizəmizin sarsılmaz olduğunu sübut etdilər
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunan azadlıq mübarizəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət etməyə gələn Sabir Əsgərov deyib.
Qeyd edib ki, xalqımızın azadlıq uğrunda mübarizəsinin sarsılmaz olduğunu Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımız bir daha sübut ediblər: “Şəhidlərimizin ruhunu yad etmək hər birimizin borcudur. Bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yaşayıb-yaradan gənc nəsil müstəqilliyimizin necə çətin şəraitdə əldə olunduğunu bilməlidir. Onlar bilməlidirlər ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr xalqımıza qarşı aparılan düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycanlıların Ermənistan ərazisindəki ata-baba yurdlarından qovulmaları, ermənipərəst qüvvələrin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı bu siyasətin mərhələləridir. Şəhidlər xiyabanı xalqımızın and yeridir”.
Azərbaycan Turizm və Menecment Universitetinin bitirdiyini və bələdçiliklə məşğul olduğunu söyləyən Sabir Əsgərov qeyd edib ki, ölkəmizə gələn qonaqları gəzməli-görməli yerlərimizlə tanış etməklə yanaşı, onlara ötən əsrin 90-cı illərin əvvəllərində xalqımızın başına gətirilən müsibətlər, 20 Yanvar hadisələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verir.