CƏMİYYƏT
Şəhidlərimizin əziz xatirəsi Əbu-Dabidə də anılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyində Əbu-Dabidə yaşayan diaspor nümayəndələrimizin iştirakı ilə Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və Vətən müharibəsi qurbanlarının xatirəsi yad edilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Səfir Mahir Əliyev tədbirdə çıxış edərək bildirib ki, 2020-ci il 27 sentyabr tarixi müasir Azərbaycan tarixinin yeni və şanlı səhifəsidir. Məhz bu gün müasir Azərbaycan tarixində 30 ilə yaxın davam edən işğala son qoyan, azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində vəhşiliklər törədən ermənilərə verilmiş tarixi dərsin başlandığı gündür. Bu gün Anım Günü olmaqla yanaşı, soydaşlarımızın xatirəsində yumruq kimi birləşdiyimiz gün olaraq qalmaqdadır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözlərinə istinad edən səfir bildirib: “44 gün ərzində Ermənistan ordusunun beli qırılıb, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdik, düşməni təslim olmağa məcbur etdik. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!”.
M.Əliyev, həmçinin Azərbaycanın Ermənistan üzərində Qələbəsinin İslam və ərəb dünyası üçün əhəmiyyətindən bəhs edib. Bildirib ki, işğal edilmiş ərazilərimizdə məscidlərimizə, dini abidələrimizə erməni qəsbkarları tərəfindən böyük hörmətsizlik edilib. Məscidlərimizdə donuz saxlanılıb. Ordumuz Azərbaycan torpaqlarını işğaldan azad etməklə, eyni zamanda, həmin torpaqlardakı İslam mədəniyyətini, İslam abidələrini əsarətdən qurtarıb.
Sonra çıxış edən Birləşmiş Ərəb Əmirlikləri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının nümayəndəsi Nuranə Hüseynova Qələbəmizi şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu deyib, səhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını diqqətə çatdırıb.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsindən bəhs edən fotosərgi nümayiş olunub və şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
İştirakçılar səfirlikdə təşkil edilən xatirə kitabına şəhidlərimiz, Vətən müharibəsi qurbanları və qazilərimiz barədə ürək sözlərini yazıb.