QAN YADDAŞI


Şəhidlərimizin xatirəsi 20 Yanvar meydanında anılıb

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Dövlətimizin, xalqımızın azadlığını hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini, qəhrəmanlığını göstərdi. Bu gün 20 Yanvar hadisəsinin 31-ci il dönümündə şəhidlərimizi qalib xalqın nümayəndələri kimi yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı.

İllər ötsə də şəhidlərimizə olan ümumxalq sevgisi tükənmir və xalqımız ölməz oğul və qızlarımızın xatirəsini böyük ehtiramIa anır. Bu il də 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Ahıl da, gənc də, uşaq da bu abidəni ziyarət etməyi özünə borc bilirdi. Abidənin yaxınlığında səslənən kədərli musiqinin qəlb göynədən ahəngində 31 illik ayrılığın ağrı-acısı boy verirdi. Ziyarətçilərin baxışlarından başımıza gətirilən bu faciənin günahkarlarına lənətlər oxunurdu. Əllərində tər çiçəklər tutmuş adamların baxışlarında həm də qürur, mübarizlik özünü büruzə verirdi.

AZƏRTAC xəbər verir ki, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 31-cu ildönümü ilə əlaqədar Yasamal rayonundakı 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsini ehtiramla anıblar.

Ziyarətə gələnlər arasında təqaüdçü Şəhlar Bağırov 20 Yanvar dairəsində baş verənləri yaxşı xatırlayır: “1990-cı ilin yanvarında sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törətdi. O zaman igid Azərbaycan oğulları və qızları küçələrdə hərbi texnikanın önünə əliyalın çıxmışdılar. Bu hadisələr zamanı qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlib. Yanvarın 19-da gecə bu əraziyə çoxlu insan yığılmışdı. Tankların insanlara doğru hərəkət etdiyini gördük. Respublika Klinik Xəstəxanasının yanından insanlara - uşaq, gənc, ahıl demədən, hamıya atəş açırdılar. Ölən və yaralananların sayı çox idi. Bəşər tarixində belə bir faciə törədilməmişdi”.

Həmin günləri böyük kədər hissi ilə xatırlayan müsahibəmiz deyib ki, o zaman ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayətin humanizmə zidd olduğunu bəyan edib. Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edirdi.

Dahi şəxsiyyət Heydər Əliyev böyük cəsarət göstərərək 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə yanaşı, “20 Yanvar Şəhidi” fəxri adı da təsis edib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şəhlar Bağırov deyib: “2020-ci il Azərbaycan xalqı üçün qələbə ili oldu. Otuz ilə yaxın düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Onların qisası alındı. Bu xalqımıza qürur yaşatdı. Bu günləri bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana, rəşadətli ordumuza minnətdarıq”.

Ziyarətçilərdən paytaxt sakini Mehriban Zülfüqarova deyib: “Mən o vaxt uşaq olsam da yanvarın 20-də xalqımızın başına gətirilənləri valideynlərimdən öyrəndim, kitablardan oxudum. Bu il ziyarətə tamam başqa hislərlə gəlmişəm, çox qürurluyam. Düşünürəm ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz şəhidlərimizin qanını aldı. Bu qələbə xalqımıza özünə inamını, qürurunu qaytardı. Artıq şəhidlərimizin ruhu şaddır”.

İkinci Qarabağ savaşında şəhid olmuş Elşən Musayevin balaca övladları Hüseyn Vüsalovu və bacısı Ayşən Vüsalovanı bura gətirən təkcə atalarına olan sonsuz sevgi deyildi, həm də Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğurunda canından keçmiş qəhrəman vətən oğullarına böyük məhəbbət idi. Onların 20 Yanvar meydanındakı abidə kompleksinin önündə söylədikləri şeirlərə qulaq asdıqca insan qürurlanmaya bilmirdi...

Ziyarətçilər arasında hərbi geyimli oğlanın şəhidlərin xatirəsinə böyük ehtiramı hamı kimi bizim də diqqətimizi cəlb etdi. Söhbət zamanı öyrəndik ki, 2000-ci il təvəllüdlü İkinci Qarabağ savaşının könüllü döyüşçüsü Yeqor Qodakov Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib: “Mən Azərbaycanı canım qədər sevirəm. 31 il bundan əvvəl baş verənlər haqqında çox eşitmişdim. Bizi ailədə də, məktəbdə də vətənpərvərlik ruhunda yetişdirmişdilər. İkinci Qarabağ savaşı başlayan kimi könüllü olaraq döyüşə yollandım və şəhidlərimizin qısasını aldım”.

Bu gün hər bir gəncimiz vətənpərvər olmalı, 20 Yanvarın tariximizdəki yerini və rolunu dərindən bilməlidirlər. İstər Azərbaycanda, istərsə də xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanımızın tarixinə qanlı hərflərlə yazılmış bu günü və şəhidlərimizi unutmamalıdırlar. Çünki 20 Yanvar bizim qanlı keçmişimizdir. Onlar Vətən uğrunda şəhid olublar. Həmin faciəli günlərdə Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Qoy, şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi Vətənimiz bu gün azatdır.

Bu hadisələrin hər il xatırlanması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.