SİYASƏT


Şəhidlərimizin xatirəsi Küveytdə də anılıb

Qahirə, 27 sentyabr, AZƏRTAC

Şəhidlərin Anım Günü ilə əlaqədar ölkəmizin Küveytdəki səfirliyində mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində əsgərlərimiz və bütövlükdə xalqımız böyük qəhrəmanlıq nümunəsi göstərərək yeni bir qəhrəmanlıq dastanı yazdılar. Otuz illik işğala son qoyuldu və torpaqlarımız azad olundu, haqq-ədalət bərpa edildi.

Səfir diqqətə çatdırıb ki, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma evlərindən qovulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Otuz ilə yaxın müddət ərzində Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə işğalçı Ermənistanla sülh danışıqları aparır və münaqişənin sülh yolu ilə həll olunacağına ümid edirdi. Lakin təəssüflə qeyd etmək istərdik ki, sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın uzun illər boyu Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhlükə yaratmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı qətnamələri, habelə BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsinin icrası istiqamətində uzun müddət ərzində heç bir əməli addım atılmamış, bu sənədlərdə öz əksini tapmış müddəalar sadəcə kağız üzərində qalmışdır. Problemin həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların apardıqları uzun sürən sülh danışıqları isə heç bir səmərə verməyib.

Səfir bildirib ki, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-dən başlayaraq qadağan edilmiş silahlardan, o cümlədən əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin bölmələrini, həmçinin cəbhə bölgəsindən uzaq məsafədə yerləşən və əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini qəsdən və məqsədli olaraq atəşə tutub. Nəticədə dinc əhali arasında 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olub, 50-si uşaq olmaqla, 414 nəfər yaralanıb, 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılıb. Müharibə başa çatdıqdan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak olub, 100-dən çox mülki şəxs yaralanıb, 2 jurnalistimiz də həyatını itirib.

E.Qəhrəman vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri haqqında deyib: “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.

Səfir sonda söyləyib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qələbəmizin əsas qəhrəmanları bizim əsgər və zabitlərimizdir. Eyni zamanda, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlının da bu Zəfərdə payı vardır.

Mərasimdə Anım Günü ilə bağlı sənədli film nümayiş etdirilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.