İDMAN
Şəhidlərimizin xatirəsinə həsr edilən şahmat turnirlərinin qalibləri müəyyənləşib
Bakı, 6 may, AZƏRTAC
Vətən müharibəsi şəhidləri mayor Fərid Ələkbərovun və leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) mükafatlandırılması mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə şəhid Fərid Ələkbərovun qardaşı Rüfət Ələkbərov, şəhid Rəsman Həmidovun atası Mərdan Həmidov, Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal və Qaradağ rayonlarının gənclər və idman idarələrinin rəisləri, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.
Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğullar böyütdükləri üçün şəhidlərin ailələrinə minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin və turnirlərin keçiriləcəyini deyib.
Şəhidlərin ailə üzvləri Vətən uğrunda canından keçən Vətən oğullarının xatirəsinə yüksək ehtiramın göstərildiyini vurğulayıb, idmançılara uğurlar arzulayıblar.
Sonra qaliblərin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.