REGİONLAR


Şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcudur

Xaçmaz, 11 noyabr, Elxan Yusifli, AZƏRTAC

Şuşa şəhərinin işğaldan azad olunması və Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə Xaçmaz Rayon Polis Şöbəsində (RPŞ) şəhid ailələri ilə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qəhrəmancasına azad olunmasından danışan Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənov Vətənimizin hər qarışı uğrunda canını fəda edən, ölümün gözünə dik baxaraq şəhid olan igid oğullarımızın sayəsində qələbəyə imza atdığımızı bildirib. “Cəmi 44 gün ərzində düşmənin keçilməz saydığı sədləri yararaq Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, kənd və qəsəbələrin, strateji yüksəkliklərin və noyabr ayının 8-də Qarabağın gözü olan Şuşa şəhərinin işğaldan azad edilməsi bizim bir xalq olaraq birliyimizin bariz nümunəsi idi. Müharibəni dayandırmaq üçün dövlət başçımıza edilən təzyiqlər bitib-tükənməsə də xalqımızın gücünə, birliyinə arxalanan Prezidentimiz güclü iradə nümayiş etdirdi. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması uğrunda diplomatiyamız da siyasət meydanının ön cəbhəsində oldu. Biz hər iki cəbhədə qalib gəldik və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”, - deyə H.Həmidov bildirib.

Vətən uğrunda şəhid olan igid oğullarımızın ailələrinə başsağlığı verən H.Həsənov şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb və onların əziz xatirələrinin hələ bundan sonra yüz illər boyu yaşayacağına inamını ifadə edib.

Görüşdə çıxış edənlər tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda tezliklə abadlıq və quruculuq işlərinə başlanacağını, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarını diqqətə çatdırıblar.

Şəhid ailələrinin üzvləri Ali Baş Komandan İlham Əliyevə və DİN rəhbərliyinə, eləcə də Xaçmaz Rayon Polis Şöbəsinin kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.