REGİONLAR
Şəhidlərin əziz xatirəsi Balakən rayonunda silsilə tədbirlərlə anılıb
Balakən, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Balakən rayonunda da ehtiramla anılıb. Anım Günü ilə əlaqədar rayonda şəhidlərin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq əvvəlcə Bayraq muzeyindən Şəhidlər xiyabanına doğru yürüş təşkil olunub. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Vətən müharibəsində Balakən rayonundan olan şəhidlərin fotolarından ibarət plakatlarla yürüş edərək, şəhidlərimizə ehtiramlarını nümayiş etdiriblər.
Sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə birlikdə Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş mərd Vətən oğullarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, dualar oxuyublar.
Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanda ağacəkmə aksiyası keçirilib.
Mədəniyyət və istirahət parkında davam edən anım tədbirində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Ramil İsmayılov, şəhid Kamal Məmmədovun anası Zümrüd Alqayeva, şəhid Vahid Əlisoltanovun anası Validə xanım, “Qartallar Şuşaya uçur” kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbəyə imza atıb. 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi sayəsində cəsur əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, qəhrəmanlıq salnaməsi yazıblar. Tarixi Zəfərin qazanılması ilə ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib.
Anım tədbirində hər bir azərbaycanlının ən böyük qürur mənbəyi olan şəhidlərin qəlblərdə əbədi yaşayacağı qeyd olunub, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açılıb.
Sonra rayon mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Bütün ölkə ərazisində olduğu kimi, Balakən rayonunda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.