MƏDƏNİYYƏT
“Şəhidlik şərəf, qeyrət zirvəsidir” adlı videoçarx hazırlanıb
Bakı, 9 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı “Şəhidlik şərəf, qeyrət zirvəsidir” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsi şəhidi Cavid Cabbarzadəyə həsr olunmuş videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.
Videoçarxda qeyd edilir ki, Cabbarzadə Cavid Qorxmaz oğlu 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəzdində atıcılıq mərkəzində qədim idman növü olan oxatma ilə məşğul olub. Bir çox yarışmalarda aktiv iştirak edib, yüksək nailiyyətlər qazanıb. 2015-ci ildə hərbi xidmətə yollanıb. 2016-cı ildə baş verən Aprel döyüşlərində Lələtəpənin alınması uğrunda gedən döyüşdə böyük qəhrəmanlıq göstərib.
Cavid Cabbarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Cabbarzadə oktyabrın 24-də Xocavənd döyüşləri zamanı şəhid olub və II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Cavid Cabbarzadə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.