ELM VƏ TƏHSİL


Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur

Bakı, 12 fevral, AZƏRTAC

Təhsil Nazirliyinin müvafiq əmrinin icrası məqsədilə 129 nömrəli tam orta məktəbdə nümunəvi siniflərə şəhid adlarının verilməsi qərara alınıb. Məqsəd Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin mahiyyət və məzmununu şagirdlərə çatdırmaq, təlim-tərbiyə prosesində hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində məktəblilərdə Vətənə, xalqa məhəbbət hisslərini aşılamaq, şəhidlərimizin xatirəsinin yad etmək və onların yaddaşlara həkk olunması məqsədilə maarifləndirmə işini gücləndirməkdir.

Bu barədə AZƏRTAC-a 129 nömrəli məktəbdən məlumat verilib. Bildirilib ki, bu gün tədris və təlim-tərbiyə prosesində fərqlənən nümunəvi siniflərdən 1a sinfinə şəhid Xudayar Yusifov, 3a sinfinə şəhid Mübariz İbrahimov, 3ç sinfinə isə general Polad Həşimovun adları verilib.

Məktəbin direktoru Məhluqə Əzizova 1a sinfinə şəhid Xudayar Yusifovun adının verilməsini elan edib. Şagirdlər məktəbin məzun şəhidlərinin abidəsi önünə gül dəstələri qoyub, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra şagirdlər şəhidlər haqqında kompozisiya təqdim edib, Xudayar Yusifzadəyə həsr olunmuş şeirlər söyləyiblər. Şəhid Xudayar Yusifzadənin ifa etmiş olduğu “Vətən yaxşıdır” mahnısına qulaq asıb, videoçarxı izləyiblər.

Məhluqə Əzizova çıxışında bildirib ki, ikinci Qarabağ müharibəsində Azərbaycan xalqının tarixi qələbəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü diplomatik siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi sayəsində qazanılıb. Bu Zəfər yürüşündə igid və qəhrəman oğullarımız canlarını qurban verib, şəhid və qazi olublar. Şəhidlərimiz bu müharibədə ölümün gözünə dik baxdılar, Vətənimiz, torpaqlarımız bütöv olsun deyə canlarını qurban verdilər. Onlar cəsarəti, mübarizliyi, Vətənə olan sonsuz sevgiləri sayəsində qəhrəmanlıq dastanına çevrildilər. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün var, sabah da olacaq. Biz şəhidlərimizi unutmamalıyıq, unutdurmamalıyıq. Onları yaddaşımıza həkk etməli, xatirələrini hər zaman ehtiramla yad etməli, qəlbimizdə yaşatmalıyıq. Şəhidlər bizim örnəyimiz, ölməzliyimizdir.

Sonda şagirdlər yaxşı oxuyacaqlarına, tədrisdə və təlimdə həmişə nümunəvi olacaqlarına və Vətənə layiqli övlad kimi böyüyəcəklərinə söz veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.