CƏMİYYƏT


Səhiyyə Nazirliyi 18 ali tibb ixtisası üzrə sertifikasiya imtahanlarının keçirilmə qaydasını açıqlayıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Sertifikasiya komissiyasında yeni əlavə edilən 18 ali tibb ixtisası üzrə imtahanların keçirilməsi üçün hazırlıq işləri aparılır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ali təhsil pilləsində (baza ali) tibb təhsilini bitirən, yəni internatura və ya rezidenturası olmayan həkim namizədlər üçün müvafiq olaraq müalicə işi (tibb), pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisasları üzrə imtahanların keçirilməsi planlaşdırılır.

Sertifikasiya komissiyasının yeniliyinə əsasən, şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlarda da dəyişiklik nəzərdə tutulub. Şüa diaqnostikası üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin imtahan iştirakçılarının tapşırıqları fərqli formatda hazırlanacaq. İmtahanda təqdim edilən suallar əsas etibarilə mütəxəssisin çalışdığı cihaz üzrə, digərləri isə ümumi şüa diaqnostikası ixtisası üzrə tərtib olunacaq.

Məlumata əsasən, hazırda Sertifikasiya komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında edilən dəyişiklik əsasında, rezidentura səviyyəsi üzrə 18 yeni ali tibb ixtisası əlavə olunub. Həmin ixtisaslar ailə təbabəti, nüvə təbabəti, endodontiya, parodontologiya, restorativ stomatologiya, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya, uşaq və yeniyetmə psixiatriyası, neonatologiya, uşaq endokrinologiyası, uşaq kardiologiyası, uşaq nefrologiyası, uşaq nevrologiyası, uşaq qastroenterologiyası, uşaq urologiyası, uşaq yoluxucu xəstəliklər və uşaq ürək-damar cərrahiyyəsidir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin Sertifikasiya komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2010-cu il, 108-ci qərarı əsasında yaradılıb. 2011-ci ilin yanvarın 5-dən etibarən komissiyanın fəaliyyətinə start verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında edilən müvafiq dəyişikliyə əsasən əlavə edilən 18 yeni ali tibb ixtisası barədə dəyişikliklər 2019-cu ilin sentyabrın 15-dən qüvvəyə minib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.