CƏMİYYƏT


Səhiyyə Nazirliyi 814 Çağrı mərkəzinin fəaliyyətini və əsas məqsədlərini açıqlayıb

Bakı, 6 avqust, AZƏRTAC

Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Sevda Məmmədova verdiyi onlayn müsahibəsi zamanı yeni fəaliyyətə başlamış 814 Çağrı mərkəzinin fəaliyyəti və əsas məqsədləri haqqında məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir: “Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə dəstək məqsədilə yaradılmış 814 Çağrı mərkəzi həftənin 6 günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək fəaliyyət göstərir”.

AZƏRTAC xəbər verir ki, müsahibədə 814 Çağrı mərkəzində 40 nəfər operatorun çalışdığı, iyul ayı ərzində bura daxil olan zənglərin sayının 11 000-dən çox olması barədə də məlumat verilib.

Sevda Məmmədova ağır simptomlu və hərarəti 38-dən yüksək olan xəstələrin 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməli olduqlarını vurğulayıb: “814 Çağrı mərkəzi tərəfindən poliklinikalarla əlaqə saxlama yolları və evdə müalicə prosesi ilə bağlı şikayətlər qeydə alınır. Çağrı mərkəzinə daxil olan müraciətlər, əsasən, evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı olur. Bu kimi hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilib, stasionar müalicə almalıdır, çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Beləliklə, ağır simptomlu və yüksək qızdırmalı COVID-19 xəstələri 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir. Daxil olan bütün müraciət və şikayətlər Çağrı mərkəzi tərəfindən qeydə alınır və işçi qrupuna yönləndirilir. Müraciət və şikayətin növündən asılı olaraq işçi qrupunun müvafiq üzvü həmin məsələnin həlli ilə məşğul olur”.

Sevda Məmmədova müsahibəsinin sonunda xüsusi qeyd edib ki, yalnız sahə həkimi tərəfindən test etmək zəruriyyəti təsdiq olunduqdan sonra səyyar tibbi xidmət COVID-19 şübhəsi olan vətəndaşın ünvanına test almaq məqsədilə göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.