CƏMİYYƏT
Səhiyyə Nazirliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının davamlı əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakıda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bir sıra dövlət qurumlarında görüşlər keçirib. Bu görüşlərin əsas mövzusu Azərbaycanda COVID-19 virusuna qarşı aparılan mübarizə olub. Növbəti görüş Səhiyyə Nazirliyində keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib. Nazir bildirib ki, COVID-19-a qarşı mübarizədə beynəlxalq təşkilatların və ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq və həmrəylik prinsipi müstəsna əhəmiyyət kəsb edir.
Baş katib Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin səhiyyə sahəsində əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Azərbaycanda COVID-19-a qarşı mübarizə üzrə səhiyyə siyasətinin qurulması, poliklinik-ambulator xidmətin bu işə cəlb edilməsi və stasionarların hazırlanması da qeyd edilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin Səhiyyə Nazirlərinin görüşündən sonra Elmi-Tibbi Qrupun, eləcə də Təchizat Zənciri Qrupunun yaradılması diqqətə çatdırılıb.
Görüşün sonunda təşkilatla davamlı əməkdaşlıq məsələləri müzakirə edilib.