CƏMİYYƏT
Səhiyyə Nazirliyində İsrailin Şiba Tibb Mərkəzinin nümayəndə heyəti ilə görüş olub
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Səhiyyə Nazirliyində İsrailin və dünyanın ən nüfuzlu tibb mərkəzlərindən olan Şiba Tibb Mərkəzinin nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə İsrailin ölkəmizdəki səfiri Corc Dik də iştirak edib.
Səhiyyə naziri Teymur Musayev digər sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın uğurlu nəticələrini xatırladıb və yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı aktual olan səhiyyənin yüksək texnologiyalı sahələrində əməkdaşlığın konstruktiv xarakter daşıdığını deyib. Səhiyyə sistemində aparılan islahatların əsasında rəqəmsal texnologiyalardan istifadənin dayandığını vurğulayan nazir son vaxtlar elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımların atıldığını bildirib: “Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Şiba Tibb Mərkəzi dünyanın ən yaxşı on xəstəxanasından biridir. Elə buna görə də Azərbaycan Səhiyyə Nazirliyi bu sahədə Tibb Mərkəzi ilə əməkdaşlıqda maraqlıdır”.
Şiba Tibb Mərkəzinin direktoru Yoel Har-Even mərkəzin tibbi təhsil, tibbi turizm, reabilitasiya, telesəhiyyə, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Onun dediyinə görə, Tibb Mərkəzində ortopediya, nevrologiya və psixiatriya kimi sahələrdə uzunmüddətli reabilitasiya müalicəsi aparılır.
Görüş zamanı tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.