CƏMİYYƏT
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin saytı yenilənir
Bakı, 10 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin təzələnmiş “pharma.az” saytında yeni bölmələr açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, saytda Azərbaycanda dövlət qeydiyyatından keçmiş bütün dərman preparatlarına qoşmaların mətnləri yerləşdiriləcək. Farmakoloji nəzarət sahəsində tədbirləri gücləndirmək məqsədi ilə mərkəzin rəsmi səhifəsində vətəndaş və həkimlər üçün elektron müraciət forması fəaliyyət göstərəcək. Müraciətlərdə bu və ya digər dərmandan istifadə zamanı qoşmasında göstərilənlərdən başqa yaranan əlavə reaksiyalar qeyd ediləcək. Bu müraciətlər mərkəzin mütəxəssisləri tərəfindən təhlil ediləcək və Dünya Səhiyyə Təşkilatının İsveçin Uppsala şəhərindəki Dərmanlara Monitorinq Mərkəzinə göndəriləcək.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşı farmakoloji nəzarətin ən müasir metodlarına həsr olunmuş seminarda iştirak etmək üçün may ayında məhz həmin mərkəzə ezam ediləcək.