CƏMİYYƏT
Səhiyyə Nazirliyinin baş travmatoloqu: Vətən müharibəsi qazisinin 24 santimetrlik sümük defekti aradan qaldırılıb
Bakı, 13 iyul, AZƏRTAC
Vətən müharibəsi qazisinin 24 santimetrlik sümük defekti uğurla aradan qaldırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 santimetrlik sümük defektini aradan qaldırıblar.
Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov bildirib ki, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir. Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar sistemi yaralanmalarının müalicəsi multidissiplinar yanaşma tələb edir. Əməliyyat olunan müharibə qazisində alt çənəsinin, bud və baldır sümüklərinin odlu silah yaralanmaları olub. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri səthi bərpa olunub. İnstitutda yaradılmış ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub.
Qeyd edək ki, osteosintez üsulu böyük təcrübə və səbr tələb edir. Çünki gün ərzində sümükdə cəmi 1 millimetrə qədər bərpa prosesi gedir. Hazırda xəstə özü sərbəst hərəkət edir və tezliklə normal həyata davam edəcək.