CƏMİYYƏT


Səhiyyə Nazirliyinin mütəxəssisi: COVID-19 əleyhinə peyvəndlərin hamilələr üçün zərərli olmadığı sübut olunub

Bakı, 26 oktyabr, AZƏRTAC

Hamiləlik fizioloji olaraq immun sistemin zəiflədiyi dövrdür. Ona görə də hamilələr hansısa bakteriya və ya virus xəstəliyini daha ağır keçirirlər. Yeni növ koronavirus (COVID-19) infeksiyası da bu mənada istisna deyil. Hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar bu infeksiyanın hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu ortaya qoyur. Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəlikləri olan qadınlarda risk daha da artır.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ginekoloq-cərrah Emin Haqverdiyev deyib.

O bildirib ki, 18 ölkədən 2 min 130 qadının iştirak etdiyi araşdırmada COVID-19 olan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib: “Xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 2021-ci il avqustun 11-də dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. “Delta” variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri hesab edilib”.

Həkim-mütəxəssis, həmçinin qeyd edib ki, aparılan araşdırmaların nəticələrinə əsasən, ana südündən körpəyə COVID-19 keçə bilməz: “Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə keçə bilər. Ona görə də COVID-19-a yoluxmuş analara süd verərkən tibbi maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etmək tövsiyə edilir. Onu da qeyd edim ki, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.

E.Haqverdiyevin dediyinə görə, COVID-19 peyvəndlərinin hamiləlikdə zərərli olmadığı sübut olunub: “On iki həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Ona görə də peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı vaxtdır. COVID-19 peyvəndlərinə dair sübutlar Ümumdünya Səhiyyə Təşkilatı və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olduğu bütün hallarda COVID-19 peyvəndlərinin istifadəsini tövsiyə edir.

Aparılan təcrübələrin nəticələri və COVID-19 peyvəndi tətbiq edildikdən sonra əldə edilən məlumatlar peyvəndin hamiləlikdə zərərli təsirlərinin olmadığını göstərir. Eynilə, hamiləlik dövründə peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu ortaya qoyub”.

Səhiyyə Nazirliyinin mütəxəssisi bildirib ki, peyvəndlərin yan təsirləri yüngül və qısamüddətlidir: “Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilələrin COVID-19 əleyhinə peyvənd vurdurmasını tövsiyə edir. Hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.