CƏMİYYƏT


Səhiyyə Nazirliyinin mütəxəssisi: Xroniki yorğunluq sindromu COVID-19 pandemiyası dövründə ciddi şəkildə artıb

Səhiyyə Nazirliyinin mütəxəssisi: Xroniki yorğunluq sindromu COVID-19 pandemiyası dövründə ciddi şəkildə artıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə artan xroniki yorğunluq sindromu barədə danışıb. AZƏRTAC həkim-mütəxəssislə müsahibəni təqdim edir.

- Xroniki yorğunluq sindromu nədir?

- Xroniki yorğunluq kifayət qədər istirahətə baxmayaraq, iş səmərəliliyinin azalmasına, ictimai həyatdan uzaqlaşmağa və xəstənin özünü daim yorğun hiss etməsinə səbəb olan psixoloji problemdir. Bəzi xəstələrdə yalnız yüngül yorğunluq və enerji azlığı ilə müşayiət olunsa da, xəstəliyin inkişaf etmiş mərhələlərində xəstə gündəlik fəaliyyətini belə yerinə yetirə bilmir və bir növ qayğıya ehtiyacı olur. Bu sindromu psixoloji problem adlandırmaq olar, lakin psixoloji ölçüsünün yanında zehni və fiziki təsirləri də var. Duyğusal tükənmə və heç bir fəaliyyət göstərmək gücünə malik olmadıqlarını hiss etmək xəstələrdə ürəkbulanma, əzələ ağrıları, konsentrasiyanın olmaması və unutqanlıq kimi problemləri ortaya çıxarır.

- Xroniki yorğunluq sindromuna səbəb nə ola bilər?

- Xroniki yorğunluq sindromu çox yayılmış bir problem olsa da, dəqiq səbəbi hələ müəyyən edilməyib. Bu xəstəlik ümumiyyətlə 30-50 yaş arası fərdlərə təsir edir və qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Sindromlu şəxslərin əksəriyyətində əzələ və oynaq ağrısı, daimi yorğunluq və ən az 6 ay davam edən enerji çatışmazlığı olur. Koronavirus pandemiyası dövründə hər kəs vəfat edənlərin sayına diqqət yetirsə də, xəstələrin bir qismi hələ də virusun geridə qoyduğu problemlərlə məşğul olur. Bu sağlamlıq problemlərindən biri xroniki yorğunluqdur. Virusun ortaya çıxdığı gündən bu xəstəliyin adını tez-tez eşitməyə başladıq. COVID-19 pandemiyası dövründə xroniki yorğunluq sindromu ciddi şəkildə artmağa başladı. Buna həm xəstəliyin birbaşa, həm də bilavasitə təsirləri (stres, gərginlik, qorxu) səbəb oldu. Bilinənin əksinə, xəstələr nə qədər istirahət etsələr də, yorğunluq hissinin öhdəsindən gələ bilmirlər. Ona görə də daimi yorğunluq hissi 6 aydan çox davam edən xəstələr dəstək üçün sağlamlıq müəssisələrinə mütləq müraciət etməlidirlər.

- Xroniki yorğunluğun əlamətləri hansılardı?

- Xroniki yorğunluğun simptomları qısamüddətli stres və yorğunluqdan yaranan simptomlara bənzəyir, buna görə də onlarla qarışdırıla bilər. Yorğun hiss edən hər kəsin xroniki yorğunluq sindromu yoxdur. Bu sindromun varlığını təyin etmək üçün xəstələr mütəxəssis həkimlər tərəfindən yoxlanılmalıdır. Xəstəliyin simptomlarının uzun müddət dayanmadan davam etməsi və yorğunluğun istirahətlə azalmaması və bu tükənmə hissinin xəstədə qarın ağrısı və ürək bulanması kimi fizioloji problemlərə səbəb olması da xroniki yorğunluq sindromu ehtimalını gücləndirir. Xroniki yorğunluq sindromunun ümumi simptomları daimi yorğunluq və yuxululuq, əzələ və oynaq ağrısı, boğaz ağrısı, mədə ağrısı, enerji itkisi, bulantı və qusma, zehni performansın unudulması və azalması, yuxu rejimində və keyfiyyətində pozuntular, immunitet sisteminin zəifləməsi, bağırsaq xəstəlikləri, işə və ictimai həyata mənfi münasibət, daimi narahatlıq və ya depressiyadır.

- Xroniki yorğunluq sindromu necə təyin olunur?

- Yuxarıda göstərilən simptomlarla sağlamlıq müəssisələrinə müraciət edən xəstələrdə aparılan müayinə və diaqnostik testlər nəticəsində xroniki yorğunluq asanlıqla təyin edilə bilər. Xəstəliyin simptomları bir çox psixoloji xəstəliyə paralel olduğu üçün xəstənin anamnezi ətraflı şəkildə alınmalıdır. Eyni zamanda, insanda yorğunluğun və buna bənzər simptomların fərqli bir alt xəstəlikdən qaynaqlandığını tam olaraq anlamaq üçün müvafiq qan testləri və görüntüləmə üsulları araşdırılmalıdır. Xroniki yorğunluq sindromu diaqnozu qoyulan insanlarda müalicə prosesinin necə planlaşdırıldığı xəstəliyin şiddəti, gündəlik həyat və iş həyatına təsiri kimi faktorlar da nəzərə alınır. Bütün bunlara görə psixiatrlar, psixoloqlar və digər mütəxəssislər tərəfindən qurulan çoxşaxəli qruplar, diaqnoz və müalicə üsulları təyin olunur.

- Xroniki yorğunluq sindromu necə müalicə olunur?

- Xroniki yorğunluq sindromu üçün dəqiq müalicə yoxdur. Sindromla mübarizənin ən təsirli üsulları, müntəzəm olaraq idman etmək, xəstələrin streslə mübarizə və problemləri həlletmə qabiliyyətini artırmaq və sıx iş tempini yüngülləşdirmək kimi tədbirlərdir. Xəstəlik gündəlik həyata ciddi şəkildə təsir etmirsə və insan gündəlik fəaliyyətini həyata keçirə bilirsə, dərmana ehtiyac qalmaya bilər. Bununla birlikdə, sindromu çox ciddi şəkildə yaşayan, işini itirmək riski olan və ya ictimai həyatından tamamilə uzaq olan və depressiya prosesində olan xəstələrdə antidepressant dərmanların istifadəsi tələb oluna bilər. Eyni zamanda, həkim tərəfindən zəruri hesab edildikdə, immunitet sistemini gücləndirmək, əzələ və oynaq ağrılarını azaltmaq və yuxu rejimini təmin etmək üçün dərman və psixoloji müalicələri tətbiq oluna bilər. Xroniki yorğunluq sindromunun yaratdığı halsızlıq və yorğunluğu aradan qaldırmaq üçün C, D, E, B6, B12 vitaminləri, sink, maqnezium kimi minerallardan istifadə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.