CƏMİYYƏT
“Səhiyyə” işçi qrupunun videokonfrans formatında növbəti iclası olub
Bakı, 11 may, AZƏRTAC
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə" işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, iclasda işçi qrupunun nəzərdə tutulmuş aylar üçün görülməli olan işlərlə bağlı müəyyən dəyişikliklər, fəaliyyət planı layihəsinə edilmiş təkliflərin müzakirəsi aparılıb. Həmçinin bu sahədə olan prioritet istiqamətlərə - uşaq və yeniyetmələrin psixi sağlamlığının yaxşılaşdırılması, ailə həkimi institutunun yaradılması istiqamətində görülməli işlər, tibbi protokolların yenilənməsi məsələsi, vətəndaşların sağlam həyat tərzinin təbliği və təşviqi, bunun təşkilində müxtəlif qurumların əməkdaşlığa cəlb olunması məsələlərinə toxunulub.
Eyni zamanda, əvvəlki iclasın protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilərək, yeni təklif və tədbirlər nəzərdən keçirilib.
Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyəti nümayəndələrinin iştirakı ilə davam edən görüşdə əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər geniş müzakirə olunub.