CƏMİYYƏT


Səhiyyə işçiləri arasında vaksinlərin effektivliyinin öyrənilməsi üzrə tədqiqat aparılır

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycanda səhiyyə işçiləri arasında yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın II mərhələsi aparılır.

AZƏRTAC İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) istinadla bildirir ki, bu genişmiqyaslı araşdırma Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə İSİM tərəfindən həyata keçirilir.

ÜST-nin dəstəyi ilə 2021-ci ilin aprel ayından etibarən ölkəmizdə həkimlər və orta tibb personalı, eyni zamanda xəstəxanaların inzibati və texniki əməkdaşları olmaqla 1500 tibb işçisinin iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlanılıb. Tədqiqat bir çox Avropa ölkəsində eyni vaxtda həyata keçirilir. Tədqiqatın bu mərhələsində, infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güclü olduğunu müəyyən etmək nəzərdə tutulub. Payız və qış aylarında COVID-19 ilə yanaşı, qrip infeksiyası hallarının artma potensialını və iki infeksiyaya məruz qalan şəxslərin daha ağır xəstəlik keçirməsi ehtimalını nəzərə alaraq, tədqiqatın ikinci mərhələsində qrip virusunun yayılması və başvermə tezliyi də öyrəniləcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.