CƏMİYYƏT
Səhiyyə işçiləri xalqımızın son 26 ildə keçdiyi inkişaf yolunu xatırlayıblar
Bakı, 17 oktyabr, AZƏRTAC
Suraxanı rayonundakı 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında 18 oktyabr – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümü münasibətilə rayonun səhiyyə işçilərinin iştirakı ilə iclas keçirilib.
Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra hakimiyyətindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşub və bununla da ölkəmizin tarixində yeni dövrün başlanğıcı qoyulub.
Suraxanı Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov tarix üçün uzun olmayan zaman kəsiyində ölkəmizin keçdiyi inkişaf yolunu və bu sahədə xalqımızın ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin oynadığı böyük roldan danışıb.
Tədbirdə 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Şərabanı Yusifzadə, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şəfa Yusifova və 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şərqiyə İsmayılova çıxış ediblər. Çıxışlarda xüsusi vurğulanib ki, bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, oradakı inkişafı, 26 il bundan əvvəlki dövrlə müqayisədə olan fərqi görmək mümkün olmasın.
Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq arxada qalan illər ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçib.