CƏMİYYƏT


Səhiyyə naziri DST Avropa Regional Komitəsinin 68-ci sessiyasında iştirak edib

Bakı, 9 oktyabr, AZƏRTAC

İtaliyanın paytaxtı Roma şəhərində Dünya Səhiyyə Təşkilatı (DST) Avropa Regional Komitəsinin (ARK) 68-ci sessiyası keçirilib. Tədbirdə Azərbaycanı səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qlobal Fondla vərəm üzrə fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd olunub.

Sessiya çərçivəsində O.Şirəliyevin Avropa Regional Komitəsinin və DST-nin Azərbaycan ofisinin yeni rəhbərliyi, habelə üzv ölkələrdən Avstriya, Türkiyə, Belarus və Özbəkistanın səhiyyə rəsmiləri ilə işçi görüşləri olub.

DST ARK İcraiyyə Komitəsinin iclasında bu quruma üzv seçilmiş ölkələrin nümayəndə heyətlərinin rəhbərləri sessiyanın gündəliyini, habelə DST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələlərini müzakirə ediblər.

Sessiyanın idarə heyəti təyin edildikdən sonra DST Avropa Regional Direktoru Jujanna Yakab hesabat ilə çıxış edib. O, Dünya Səhiyyə Assambleyasının qətnamələrinin Avropada həyata keçirilməsi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən danışıb, sessiyada müzakirə ediləcək məsələlərdə DST rəhbərliyinin mövqe və tövsiyələri haqqında məlumat verib.

Çıxışda Daimi Komitənin proqram, büdcə və inzibati komissiyasının hesabatının layihəsi, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, DST islahatları və “Səhiyyə-2020” strategiyası barədə fikirlər də geniş yer alıb.

Sonra Daimi Komitənin hesabatı dinlənilib.

Tədbir iştirakçılarına müraciətlə çıxış edən DST Baş direktoru Tedros Gebreyesus rəhbərlik etdiyi qurumda gedən islahatlardan danışıb, onların davam etdirilməsində üzv ölkələrin ekspertlərinin daha yaxından iştirakının zəruriliyini vurğulayıb. Əsas donor ölkələrinin Avropa Regionunda olduğunu deyən Baş direktor problemin həllində bu region ölkələrinin müstəsna rolunu qeyd edib.

Tədbir əsnasında bir sıra aktual səhiyyə problemləri müzakirə edilib. Azərbaycan tərəfi gündəlikdəki “İctimai sağlamlıq”, “İnfeksion xəstəliklərə qarşı mübarizə”, “İmmunoprofilaktika”, “Vərəmə qarşı mübarizə” və “Beynəlxalq Səhiyyə Qaydaları” məsələlərinə dair çıxışlar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.