CƏMİYYƏT


Səhiyyə naziri qardaş Türkiyədə müalicə alan qazilərimizi ziyarət edib

Ankara, 18 may, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyətinin mayın 17-dən başlayan iki günlük Türkiyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, mayın 18-də səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi zamanı yaralanan və hazırda qardaş ölkədə müalicəsi davam edən qazilərimizi ziyarət edib.

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan nazir deyib: “Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir”.

Vətən müharibəsindəki 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birinin yazıldığını diqqətə çatdıran Teymur Musayev əlavə edib: “Böyük Qələbə şəhidlərimizin qanı bahasına, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazanılıb. Siz Vətən müharibəsində əsl qəhrəmanlıq göstərərək, düşmənə layiqli və unudulmaz dərs verdiniz. Müharibə başlayandan bu günə qədər qardaş Türkiyə Azərbaycanın yanındadır. Qazilərimizin yenidən sağlamlıqlarına qovuşmaları üçün türkiyəli mütəxəssislərin dəstəyi bizim üçün çox önəmlidir. İnanıram ki, tezliklə sağalıb vətənə qayıdacaqsınız”.

Görüş zamanı səhiyyə naziri qazilərə Vətənə qayıtdıqdan sonra müalicələrini Sanator-Kurort Reabilitasiya Mərkəzində davam etdirə biləcəklərini deyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.