CƏMİYYƏT


Səhiyyə siyasəti və iqtisadiyyatının təkmilləşdirilməsi sahəsində tanınmış ekspert Azərbaycanda təlimlər keçirir

Bakı, 29 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin 2022-ci il 13 may tarixli Fərmanının icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən zəruri addımlar atılır. Əsas məqsədlərdən biri də səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir. Bununla əlaqədar nazirlik tərəfindən mütəmadi olaraq beynəlxalq təcrübəyə müraciət olunur.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, nazirliyin dəvəti ilə Nyukasl və Bolonya universitetlərinin professoru, səhiyyə siyasətinin təkmilləşdirilməsi üzrə tanınmış ekspert Françesko Paoluççi Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində ölkəmizin səhiyyə sahəsində çalışan mütəxəssisləri üçün üçgünlük təlimlər təşkil olunub. Tədbirdə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, ASAN xidmət, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vəzifəli şəxsləri, eyni zamanda, özəl sığorta sektorunun mütəxəssisləri iştirak ediblər.

“Səhiyyənin transformasiyası və səmərəli maliyyəşdirilməsi” mövzusunda məruzə ilə çıxış edən professor Françesko Paoluççi səhiyyənin transformasiyası üzrə beynəlxalq təcrübə, səhiyyə iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsinin vacib prinsipləri, səhiyyə sektorunda müxtəlif sığorta tətbiqlərinin optimal istifadəsınə dair dünya təcrübəsini təlim iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün professor Paoluççi 20 ildən artıq müddətdə qlobal səhiyyə sistemlərinin səmərəli maliyyələşməsini təhlil edərək, bu sahədə mühüm nailiyyətlərə imza atıb.

Təqdimatlar iştirakçıların böyük marağına səbəb olub.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, professor Paoluççi iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.