CƏMİYYƏT


Səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İran əməkdaşlığının gücləndirilməsinin yeni perspektivləri müzakirə olunub

Bakı, 11 avqust, AZƏRTAC

Səhiyyə Nazirliyində İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirilib.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, səhiyyə naziri Teymur Musayev son illərdə Azərbaycan və İran arasında digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin genişləndiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.

Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən Teymur Musayev, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Tibb Universitetinin (ATU) Təbriz Tibb Elmləri Universiteti və İran İslam Respublikasının digər tibb ocaqları ilə əməkdaşlığını xatırladan nazir ali tibb məktəbləri arasında tələbə mübadiləsinin bu işə böyük töhfələr verəcəyinə əmin olduğunu qeyd edib.

Öz növbəsində Seyid Abbas Musəvi İranın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulub. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradılmasını bildirib. Səfir qeyd edib ki, hazırda minə yaxın İran vətəndaşı ATU-da ali tibbi təhsil alır.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın intensivləşdirilməsi, eyni zamanda əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.