CƏMİYYƏT
Səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının perspektivləri müzakirə olunub
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Səhiyyə Nazirliyində Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetis və universitetin rəsmiləri ilə görüş keçirilib. Tədbirdə, həmçinin Litva Respublikası Prezidentinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Paulius Baltokas və universitetin beynəlxalq əlaqələr üzrə dekanı, professor xanım İngrida Yanuleviçene də iştirak ediblər.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, qonaqları salamlayan səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkələrimiz arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb. Bir çox sahələrdə uğurla əməkdaşlıq edildiyini diqqətə çatdıran nazir müavini əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. O, gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Rimantas Benetis ölkə başçılarımızın uğurlu qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru ölkəmiz ilə səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib. O, ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasının vacibliyini vurğulayıb: “Bu gün Litvanın Sağlamlıq Elmləri Universiteti dünyanın onlarla nüfuzlu elm və təhsil qurumları ilə əməkdaşlıq edən Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu imzalanacaq. Hesab edirəm ki, bu sənəd ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”.
Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının perspektivləri müzakirə olunub.