REGİONLAR
Şəhla Şirəliyeva: Şəhidlərin qisasını almaq zamanı yetişib
Naxçıvan, 2 oktyabr, AZƏRTAC
Ötən 30 ildə minlərlə şəhid vermişik və hər bir şəhidimizi torpağa tapşıranda onun məzarı önündə qanlarının yerdə qalmayacağına, torpaqlarımızın hər qarışını düşmən işğalından azad edəcəyimizə söz vermişik. Bu illər ərzində hər birimiz şəhidlərimizin, onların gözüyaşlı ana-bacılarının, övladlarının qarşısında özümüzü günahkar bilmişik. Vicdanımız hər zaman narahat olub.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirəliyeva Şəhla deyib. O vurğulayıb ki, ötən illər ərzində ərazilərimizin düşmən işğalında qalması xalqımızın qələbəyə böyük inamını və sabaha olan ümidini heç vaxt sarsıtmayıb! Biz həmişə inamla, ümidlə yaşamışıq, düşmən əsarətində qalan torpaqlarımızın işğaldan azad olunacağı günü səbirlə gözləmişik. Nəhayət o həsrətlə, həyəcanla gözlədiyimiz, başımızı dik tutub şəhid ruhu qarşısında verdiyimiz sözü yerinə yetirdiyimiz gün gəlib çatıb.
Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vurğulayıb ki, bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Və Ali Baş Komandan illərdir həsrətlə gözlədiyimiz əmri verdi... Əminliklə deyə bilərik ki, sentyabrın 27-si Azərbaycanın şanlı tarixinə Qarabağımızın düşməndən azad olunmasında Qələbəyə aparacaq yolun ilk uğurlu günü kimi yazıldı. Xalqımızın dövlətimizə, yenilməz ordumuza güvəni, yüksək etimadı düşmən üzərində tam Qələbənin çox yaxın olduğuna böyük inam yaradır. Xalqımız vahid amal ətrafında birləşərək müstəqilliyimizin möhkəmlənməsi, ordumuzun gücünün daha da artması, öz ərazi bütövlüyümüzü bərpa etmək üçün Ali Baş Komandanımıza birmənalı şəkildə dəstək nümayiş etdirir.
“Əminik ki, Vətən sevgisi ilə silahlanmış igid əsgərlərimiz əzəli Azərbaycan torpaqlarını düşməndən azad edəcək, bizi qələbə xəbərləri ilə sevindirəcək. 2020-ci il xalqımız üçün ən uğurlu, unudulmaz, həsrətlə gözlədiyimiz Qələbə ili kimi tarixə yazılacaq, yaddaşlara həkk olunacaq. Nəhayət ki, xalqımız itirilən torpaqlarımıza qovuşacaq, üçrəngli bayrağımız Xankəndidə, Xocavənddə, Əsgəranda, Xocalıda, Kəlbəcərdə, Şuşada, Laçında, Ağdərədə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda dalğalanacaq!”, - deyən Şəhla Şirəliyeva Azərbaycan dövlətinin bu gün apardığı qətiyyətli siyasət ilə tarix yazdığını bildirib. O vurğulayıb ki, bu tarix Qələbə tarixi, torpaqlarımızın düşməndən qurtuluş tarixi olacaq!