İDMAN
Şəhriyar Məmmədyarov: 2018-ci ildə şahmat həvəskarlarını sevindirmək istəyirəm
Bakı, 23 fevral, AZƏRTAC
Martda Almaniyada təşkil olunacaq Dünya Şahmat Tacına iddiaçılar turnirində ölkəmizi təmsil edəcək Azərbaycan yığma komandasının lideri Şəhriyar Məmmədyarov mötəbər yarışa hazırlıqla bağlı Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.
AZƏRTAC müsahibəni təqdim edir.
- Martın 10-da Berlində Dünya Şahmat Tacına iddiaçıların turnirinə start veriləcək. Bu mötəbər yarışa necə hazırlaşırsınız?
-Veyk-An-Zee superturnirində iştirakımla əlaqədar hazırlıqlara gec başladım. Bununla belə məşqlər plan üzrə davam edir. İddiaçılar turnirinə hazırlığın gedişindən razıyam. Berlindən əvvəl Rusiyada bir yarışda iştirak edəcəyəm. Martın ilk günlərində Moskvada Mixail Talın xatirə turniri keçiriləcək. İddiaçılar turnirində iştirak edən rəqiblərin əksəriyyəti Moskvada da yarışacaqlar. Rusiya paytaxında rapid, blits üzrə mübarizə aparılacaq.
- İddiaçılar turnirinə hazırlıq dövründə hansı şahmatçı və ya məşqçilərlə işləyirsiniz?
- Komandamızın üzvlərini açıqlamaq istəməzdim. Mötəbər yarış ərəfəsində adətən bütün şahmatçılar komandalarının üzvlərini geniş ictimaiyyətə açıqlamırlar. Əsas məqsəd iddiaçılar turnirində uğurla çıxış etməkdir.
- Bu, sizin iddiaçılar turnirində üçüncü çıxışınız olacaq. Demək olar ki, Ş.Məmmədyarov belə turnirlərdə kifayət qədər təcrübəyə malikdir.
- Təcrübə baxımından problem olmamalıdır. İlk dəfə iddiaçılar turnirində çıxış edəndə tam fərqli idim. İndi Berlində tamam başqa Şəhriyar olacaq. Məqsədim Berlində uğur qazanmaqdır. 2017-ci il mənim üçün unudulmaz qələbələrlə yadda qaldı. 2018-ci ildə də hamını sevindirmək istəyirəm.
- Artıq püşk atılıb. İddiaçılar turnirində ilk rəqibiniz Sergey Karyakin olacaq. Sonuncu turda isə Vladimir Kramnik ilə qarşılaşacaqsınız. Püşkün nəticələrini necə dəyərləndirirsiniz?
- Əvvəldə ya sonda bütün şahmatçılar bir-biri ilə qarşılaşacaqlar. Ona görə bu, elə də fərq etmir. Sözsüz, turnirdə mübarizəyə Karyakin ilə başlamağım maraqlı olacaq. O, iddiaçılar turnirinin son qalibidir. Sergey dünyanın güclü şahmatçılarından biridir. Onunla dostluq münasibətlərim var. Üstəlik, bildiyiniz kimi, çempionluq matçında Maqnus Karlsenə qarşı hazırlıq dönəmində Karyakinin komandasında olmuşam, ona kömək etmişəm. Bir-birimizi yaxşı tanıyırıq. Sadəcə, Berlində hamı qələbə uğrunda yarışacaq. FIDE püşkü bilərəkdən bir ay əvvəldən keçirir. Bütün şahmatçılar rəqiblərini tanıyır. Hər bir şahmatçı həmkarına açıq mübarizə aparacağını bildirir. Çünki Berlində hamı yarışın qalibi olmağa çalışacaq. Güzəştdən söhbət ola bilməz. Sergeylə dostluğumuz var, amma hər ikimiz açıq mübarizə aparacağıq. Berlində bir-birimizə rəqib olacağıq.
- Berlində keçiriləcək iddiaçılar turnirində hansı şahmatçıdan çəkinirsən?
- Çəkindiyim şahmatçı Berlində olmayacaq. Söhbət Maqnus Karlsendən gedir.
- Amma sən onunla ilin sonunda qarşılaşmaq üçün əla fürsət qazanmısan.
- Məqsədim iddiaçılar turnirində qalib olmaqdır. Bu yarışı udmaqla dünya çempionu Maqnus Karlsen ilə matç oynamaq istəyirəm.
- Mötəbər yarış ərəfəsində yəqin istirahətə vaxt olmur, bütün diqqətin Berlindədir.
- Doğru qeyd etdiniz. Bütün diqqətim Berlindəki yarışdadır. Ona görə hətta ailə üzvlərimlə az görüşürəm. Dostlarla demək olar ki, ünsiyyətimiz yoxdur. Gün ərzində ancaq məşqlərlə bağlı danışırıq. Ona görə hamının məni başa düşəcəyinə inanıram. Fürsətdən istifadə edərək iddiaçılar turniri ərəfəsində mənə dəstək olan hər bir kəsə, dostlarıma eləcə də media nümayəndələrinə təşəkkür edirəm.