SİYASƏT
Səidə Ekmən: Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətin ümumi hədəflərinə töhfə verən dialoq məkanıdır
Ankara, 7 noyabr, AZƏRTAC
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətin ümumi hədəflərinə töhfə verən dialoq məkanıdır. Forum bizə yeni məqsədlərlə işə başlamaq üçün dəyərli ideya və təcrübələr verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının üzvü, VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Səidə Ekmən söyləyib. Bakı Forumunun məqsədlərinin bəşəriyyəti narahat edən başlıca məsələlərin həlli yollarının axtarılması olduğunu vurğulayan hüquqşünas qeyd edib ki, 90 ölkədən 580-dən çox nüfuzlu insanı bir yerə toplamaq asan iş deyil. Burada dövlətin nüfuzu, onun yürütdüyü siyasətə hörmət mühüm rol oynayır.
“Oktyabrın 25-26-da keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bir sıra sessiyalarda iştirak etmişəm. O cümlədən ADA Universitetində “Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa”da çıxışım olub. Əminliklə deyə bilərəm ki, Bakı Forumunda qaldırılan məsələlər uzun illər iştirakçıların təmsil etdikləri ölkələrdə, eləcə də beynəlxalq təşkilatlarda ciddi müzakirələrə yol açacaq. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsü olduqca təqdirəlayiqdir. Bu qurum ölkəmizə və xalqımıza böyük faydalar gətirəcək. Forumun ən müsbət cəhətlərindən biri də Azərbaycanı, canımız qədər sevdiyimiz Bakını bir daha dünya ictimaiyyətinə tanıtmaq imkanı qazanmağımız oldu”, - deyə Səidə Ekmən bildirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara