REGİONLAR
Şeirləri Vətən, tarix, qəhrəmanlıq üstündə köklənən şairin kitablarının müzakirəsi keçirilib
Naxçıvan, 12 oktyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi, Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Xaqani” dastanı”, “O mənim ürəyim deyil”, “Yollarında qaldı gözüm” və Günay Şirəliyevanın “Asim Yadigarın yaradıcılıq yolu” adlı kitablarının müzakirəsi keçirilib.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev şair Asim Yadigarın zəngin ədəbi-bədii yaradıcılıq nümunələri barədə söhbət açıb. Bildirib ki, yaradıcılığına şeir ilə başlayan və bu gün daha çox poema və dram əsərləri ilə tanınan Asim Yadigar 40 ilə yaxındır ki, ədəbi yaradıcılıqla məşğul olur. Şairin qələmə aldığı şeirlərinin dili rəvan, ürəyəyatımlıdır. Onun qəlbindən süzülüb gələn misralarda yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri daha qabarıqdır. Şeirlərinin əsas qayəsi Vətən, tarix, qəhrəmanlıq üstündə köklənib.
Vurğulanıb ki, Asim Yadigarın yaradıcılıq yolu Günay Şirəliyevanın qələmə aldığı monoqrafiyada geniş şəkildə əksini tapıb. Belə ki, nəşrdə Asim Yadigarın şeirləri, poemaları və dram əsərləri, şairin yaradıcılığındakı əsas mövzular, onların bədii təqdim üsulları sistemli bir şəkildə tədqiqata cəlb olunub. İsmayıl Hacıyev şairə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günay Şirəliyeva “Asim Yadigarın həyatı və yaradıcılıq yolu”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Yollarında qaldı gözüm” kitabı haqqında düşüncələr”, həmin institutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Asim Yadigar yaradıcılığında poema” və filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Asim Yadigarın lirikası” mövzusunda məruzələr ilə çıxış ediblər. Məruzələrdə bildirilib ki, şair Asim Yadigarın şeirlərinin əksəriyyəti bu günün reallıqlarını özündə əks etdirir. Şairin “Bir nurlu heykəl yarat”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Vətən oğlu”, “Döyüş əmri ver mənə” şeirlərindən nümunələr səsləndirilib. Şairin əsərlərinin hər biri mövzu dairəsi genişliyi və aktuallığı ilə diqqəti cəlb edir. Vətənpərvərlik, doğma yurda məhəbbət hissləri təlqin olunur.
Şair Asim Yadigar çıxış edərək Naxçıvanda şair və yazıçılara yaradılan şəraitdən danışıb. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin qayğısı ilə çap olunan əsərləri diqqətə çatdırıb. Ədəbiyyat bütün dövrlərdə həyatın güzgüsü, milli varlığın əsas rəmzlərindən biri olduğunu söyləyərək yeni dövrün, sürətli inkişafın ruhuna uyğun, yüksək bədii dəyərə malik ədəbi nümunələrlə bağlı fikirlərini diqqətə çatdırıb.