REGİONLAR
Şəkər çuğunduru sahələri alaq otlarına qarşı dərmanlanır VİDEO
Beyləqan, 21 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqanda yaz qulluq işlərinə başlayan fermerlər şəkər çuğunduru sahələrində ziyanverici bitkilərə qarşı mübarizə tədbirləri aparırlar. Hazırda əkilən sahələr iynəyarpaqlı alaq otlarına qarşı dərmanlanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd təsərrüfatı rayonlarından olan Beyləqanda digər bitkilərlə yanaşı, şəkər çuğundurunun da əkilib-becərilməsi ənənə halını alıb. Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Kamil Əhədov bildirib ki, ötən il rayon üzrə 15 min tondan çox məhsul tədarük edilib. Bu il də əkin zamanı fermerlər şəkər çuğunduruna üstünlük veriblər. Cari ildə 40 fermerlə bağlanan müqavilə əsasında 189 hektar sahədə şəkər çuğunduru əkilib. Artıq çıxış əldə olunub. Hazırda iynəyarpaqlı alaq otlarına qarşı mübarizə tədbirləri aparılır və xüsusi dərmanlardan istifadə edilir. Dərmanlama işlərinin optimal müddətdə aparılması üçün növbəlilik prinsipinə uyğun olaraq ərazilərə texnikalar cəlb olunub.
Şəkər çuğundurundan qazanc əldə edən fermer Tofiq Vəliyev ötən il 10 hektar sahədən 450 ton məhsul yığıb. “Bu il isə şəkər çuğunduru sahəsini iki hektar da artırdıq, hədəfimiz yüksək məhsul əldə etməkdir. Aqrotexniki qaydaya uyğun olaraq hazırda alaq otlarına qarşı dərmanlama işləri aparılır, növbəti mərhələlərdə gübrə və becərmə işləri görüləcək”, - deyə Tofiq Vəliyev söyləyib.
Rayonun Təzəkənd kəndindən olan Ramin Bayramov da bir neçə ildir təsərrüfatında şəkər çuğunduru yetişdirir. Ötən il hər hektara 64 ton məhsul tədarük edən fermer çuğundur sahəsini 10 dəfə artırıb. Şəkər çuğunduru becərməyin sərfəli olduğunu söyləyən fermer bildirib ki, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Onun kimi bir çox fermer subsidiya və verilən gübrələrdən faydalanmaqla bol məhsul tədarük etməyi qarşıya məqsəd qoyub.