CƏMİYYƏT


Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?

Bakı, 1 dekabr, AZƏRTAC

Şəkər sinir sistemini gücləndirən, görmə, eşitmə qabiliyyətini və diqqəti artıran, eləcə də asanlıqla həzm olunan yüksək kalorili (375 kkal/100 q) yeyinti məhsuludur. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95 faizdən çox mənimsənilir. Sağlam insanın gündəlik qida rasionunda şəkərin miqdarı 60-80 qramdan çox olmamalıdır.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a ünvanlanan maarifləndirici materialda qeyd edilir ki, şəkərin istehsalı üçün əsas xammal kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 faizi şəkər çuğundurundan, 55 faizi isə şəkər qamışından alınır. Yəni dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon tonu şəkər qamışının, 36-38 milyon tonu isə şəkər çuğundurunun payına düşür.

Şəkər qаmışının gövdəsi şəkər istеhsаl еtmək üçün əsаs хаmmаl sayılır. Bu bitkinin tərkibindəki şəkərin miqdаrı şəkər çuğundurunа nisbətən аzdır. Şəkər çuğundurundan istеhsаl еdilən şəkər tozu əhаlinin bu məhsula оlаn tələbаtının ödənilməsində dаhа mühüm əhəmiyyətə malikdir. Həmin xammal bir çox texnoloji mərhələdən keçdikdən sonra şəkər halına düşür. Qeyd edək ki, 100 kiloqram şəkər çuğundurunun еmаlındаn 12-15 kiloqram şəkər alınır.

İstehlakçıların məhsulun keyfiyyətinin qiymətləndirilməsi üçün ilk növbədə bir sıra amillərə diqqət yetirmələri tövsiyə olunur. Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə və kənar qatışıqların olub-olmamasına görə müəyyən edilir. Belə ki, şəkər tozu quru, dənəvər olmaqla ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 millimetr olmalıdır. Rəngi ağ, sarımtıl, parıltılı olmalıdır. Dadı təmiz şirin olmaqla, kənar dad və iy verməməlidir. Keyfiyyətli şəkər tozu suda tam həll olmalı və çöküntü verməməlidir. Şəkər tozunda nəmin kütlə hissəsi 0,14 faizdən daha çox olmamalıdır. Quru maddə baxımından saxarozanın kütlə hissəsi isə 99,75 faizdən az olmamalıdır. Şəkər tozunda reduksiyaedici maddələrin kütlə payı 0,05 faizdən daha çox təşkil etməməlidir.

Ümumiyyətlə, məhsulun toz şəkər və quru dənəvər formaları olur. Toz şəkər saxaroza kristallarından ibarətdir. Ölçüləri vahid, nizamlı formalı və parıldayan olmalıdır. Quru dənəvər şəkərin və onun sulu məhlulunun qoxusu yoxdur və suda tam həll olunur. Əgər suda həll etdikdən sonra suyun rəngi dəyişirsə, çöküntü yaranırsa, bu şəkər rafinasiya olunmamış, yəni saflaşdırılmamış (keyfiyyətsiz) məhsul sayılır.

Şəkər tozu nəmliyə məruz qalmamalıdır, düzgün temperaturda saxlanılmalıdır. Məhsulun keyfiyyətinin aşağı düşməsinə mal qonşuluğu prinsipinin pozulması da ciddi təsir edir. Mal qonşuluğu prinsipinin başlıca şərti qida məhsullarının fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə alıb, onları münasib şəraitdə saxlamaqdır. Belə ki, şəkər məhsulunu yaxşı havalandırılan və quru otaqlarda saxlamaq məqsədəuyğundur. Onun rəflərdə kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılması düzgün deyil və kəskin qoxulu məhsullardan ayrı saxlanılması tövsiyə olunur.

Qida rasionumuzun əsasını təşkil edən məhsullardan olsa da, şəkərin normadan artıq qəbulu sağlamlıq üçün təhlükəlidir. Təsadüfi deyil ki, şəkər tozunu “ağ ölüm” də adlandırırlar. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə də artıq çəki və diabetin yaranmasına, eyni zamanda xroniki xəstəliklərə səbəb olur. Şəkərdən həddən artıq istifadə immun sistemini zəiflədir, nəticədə orqanizm xəstəliklərə qarşı mübarizədə müqavimətini itirir. Mütəxəssislər orqanizmin şəkərə olan tələbatını təbii qidalardan almağı tövsiyə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.