CƏMİYYƏT
Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına dair sərəncam imzalanıb
Bakı, 31 iyul, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərəncamda “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə nazirliyin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədilə işçi qrupu yaradılıb.
Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səmərəsinin artırılması üzrə Tədbirlər Planı təsdiq edilib. Planın icrası barədə mütəmadi olaraq nazirliyə hesabatın təqdim edilməsi tapşırılır.
Tədbirlər Planına diabet əleyhinə dərman vasitələrindən istifadə edən xəstələrin qeydiyyat sisteminin təkmilləşdirilməsi, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılması, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, şəkərli diabetin profilaktikası və müalicə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi daxildir.