REGİONLAR


Şəkərli diabet xəstəliyi vaxtında müalicə olunmayanda orqanizmdə fəsadlar törədir

Naxçıvan, 9 may, AZƏRTAC

Şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hazırda dünyada 250 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Buna görə də həmin xəstəliyin vaxtında aşkar olunması və müalicəsi müasir tibb elminin qarşısında duran əsas vəzifələrdəndir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfransda bu barədə danışılıb.

Xəstəxananın baş həkimi Zəbur Bağırov inkişaf edən səhiyyənin müasir nailiyyətlərinin öyrənilməsində belə konfransların keçirilməsinin əhəmiyyətini vurğulayıb, həkimlərin bilik və bacarıqlarının artırılmasında faydalı olacağına əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikası Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynova “Şəkərli diabetin diaqnostikası və müalicəsinin idarə olunması”, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin baş həkim əvəzi Mətanət Səfərova “Şəkərli diabetin müalicəsində peroral preparatlar”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva “İnsulin rezistentliyi” mövzularında məruzələr ediblər.

Qeyd olunub ki, vaxtında diaqnoz qoyulmadıqda və adekvat müalicə başlamadıqda xəstənin orqanizmi susuzlaşır, dərisi quruyur, çəki azalır, başağrıları, ağız suyu ifrazı azaldığına görə ağızda quruma və yaralar əmələ gəlir. Xəstədə arterial təzyiqin düşməsi oyanıq və aqressiv vəziyyətdə olur, ya da əzginlik, qızdırma, stupor, bəzən hətta komatoz vəziyyət inkişaf edir.

Diqqətə çatdırılıb ki, muxtar respublikada səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi endokrinologiya sahəsində də mühüm irəliləyişlərə şərait yaradıb. Naxçıvanda şəkərli diabet xəstələrinə şəkər ölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir. Diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur.

Vurğulanıb ki, müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün Bakıdan dəvət olunan yüksəkixtisaslı həkimlər də yerli həmkarları ilə birgə bölgələrdə konsultativ söhbətlər və səhiyyə maarifi işi aparır, muxtar respublikanın bölgələrində bu qəbildən olan xəstələrə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.

Konfransda müzakirələr aparılıb, endokrinologiyanın aktual problemlərinə dair suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.