REGİONLAR
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb VİDEO
Şəki, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Şəki regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı əvəzsiz tarixi xidmətlərindən danışıb, Prezident İlham Əliyevin Vətənimizin qüdrətlənməsinə yönələn siyasi xəttini, məqsədyönlü və möhkəm iradə ilə gördüyü işləri vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran Agentliyin sədr müavini təşkilata fəaliyyətində uğurlar arzulayıb.
YAP Şəki təşkilatının sədri Həsən Həsənov ümummilli lider Heydər Əliyevin qurub yaratdığı və artıq 27 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda yüz minlərlə gəncin birləşməsini Ulu Öndərin və onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa misilsiz xidmətlərinin nəticəsi kimi dəyərləndirib.
Tədbirdə təşkilati məsələlərə də baxılıb, İdarə Heyətinin sədri və üzvləri təqdim olunub.
YAP sıralarına yeni qəbul olunmuş əməkdaşlara partiya vəsiqələri verilib.