CƏMİYYƏT


“Şəki Bazar” ASC-nin ərazisində mütəmadi olaraq polis əməkdaşları xidmət aparır

Bakı, 18 sentyabr, AZƏRTAC 

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər görülür. Buna baxmayaraq, “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, baş verən bu halın risk mənbəyi olduğu nəzərə alınaraq, bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədilə bazar sentyabrın 18-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq üç gün müddətində karantinə bağlanıb. Yəni bu müddətdə bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə mütəmadi olaraq xidmət aparırlar. Satıcıların əmlakının qorunması, eləcə də təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilir. Polis naryadları tərəfindən bazar ərazisində müəyyənləşdirilən müddətdə günün 24 saatı xidmət aparılacaq, ümumiyyətlə, bazarın, eləcə də, satıcılara məxsus malların tam mühafizəsi təmin ediləcək.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən “Şəki Bazar” ərazisində dezinfeksiya işlərinə başlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.