REGİONLAR
Şəki Cümə məscidində şəhidlərimizin xatirəsinə dualar oxunub
Şəki, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Anım Günü ilə əlaqədar sentyabrın 27-də Şəki şəhərindəki Cümə məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb. Dindarların və şəhid ailə üzvlərinin iştirak etdiyi tədbirdə şəhidlərin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Mərasimdə bildirilib ki, xalqımız Vətən torpaqlarının erməni işğalından azad olunacağı günü 30 ildir böyük səbirsizliklə gözləyirdi. İnanırdıq ki, vaxt gələcək, Vətənimizin başı üzərindəki qara buludlar çəkiləcək, mənfur düşmənin ayağı birdəfəlik doğma torpaqlarımızdan yox olacaq.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız birdəfəlik erməni faşizmindən azad olundu.
Qələbə xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada Vətən müharibəsinin ağrısı, acısı hiss olunmasın. Qədim Şəki diyarı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşına yüzlərlə qəhrəman övladını yola salıb, şəhidlər verib. Onların əziz xatirəsi daim uca tutulur, ehtiramla anılır.
Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Hacı Kamran Məmmədov deyib: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində düşmənə güclü zərbələr endirdi və biz qəlib gəldik. Bu qələbəyə Azərbaycanın güclü iqtisadiyyatı, ordumuzun rəşadəti, əsgər və zabitlərimizin vətənpərvərliyi, eyni zamanda, dövlət-xalq, Prezident-xalq həmrəyliyi sayəsində nail olduq. Tanrı doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, firavanlıq nəsib eləsin. Şəhidlik zirvəsinə ucalmaq böyük şərəfdir. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin!”.