REGİONLAR
Şəki Mədəniyyət Mərkəzində “Şuşa Qarabağın əzəmətli zirvəsi” adlı tədbir keçirilib
Şəki, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
“Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Şuşa Qarabağın əzəmətli zirvəsi” adlı teatrlaşdırılmış tədbir keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Mədəniyyət işçilərinin, Şuşanın azad olunmasında şücaət göstərən Vətən müharibəsi qazilərinin iştirak etdiyi tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrlaşdırılmış kompozisiyada S.Vurğunun “Vaqif”, N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komediyalarından, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından, Ə.Haqverdiyevin “Dağılan tifaq” dramından parçalar oynanılıb. Rolları Rəşad Rüstəmov, Sələmə Məhərrəmova, Şöhrət İbrahimxəlilov, Cavidan Əlizadə və başqaları ifa ediblər. Tədbirdə, həmçinin “Azərbaycanım” saz havası səsləndirilib, Qasım bəy Zakirin, Xurşidbanu Natəvanın qəzəlləri ifa olunub. Proyeksiya vasitəsilə “Uzun ömrün akkordları” bədii filmindən fraqmentlər göstərilib, Şuşanın əvvəlki və yeni görüntüləri nümayiş olunub.
Mədəniyyət Mərkəzinin “Səbuhi” instrumental ansamblının müşayiəti ilə müğənnilər “Şuşanın dağları”, “Xarı bülbül”, “Qarabağ”, “Yaşa Azərbaycan” mahnılarını, “Sənsiz” romansını ifa ediblər.