REGİONLAR
Şəki, Oğuz və Qəbələdə buraxılış imtahanları səkkiz mərkəzdə aparılıb
Şəki, 14 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin aprelin 14-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Oğuz və Qəbələ rayonlarında ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanları başa çatıb.
Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanların keçirilməsi üçün Şəkidə 3, Oğuzda 2, Qəbələdə 3 olmaqla, ümumilikdə 8 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 3266, o cümlədən Şəki rayonu üzrə 1641, Oğuz rayonu üzrə 474, Qəbələ rayonu üzrə 1151 şagird iştirak edib. İmtahanların idarə edilməsinə bu rayonlarda 26 imtahan rəhbəri və 297 nəzarətçi müəllim cəlb olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.