REGİONLAR
Şəki, Qəbələ və Oğuzda buraxılış imtahanları 17 mərkəzdə təşkil olunub






Şəki, 5 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) martın 5-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Qəbələ və Oğuz rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki rayonunda 9, Qəbələdə 6, Oğuzda isə 2 mərkəz olmaqla, ümumilikdə 17 bina ayrılıb. Buraxılış imtahanları Şəki şəhərindəki 5, 8, 10, 11, 12, 14, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərində, fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, Qəbələ şəhərindəki 1, 3, 4, 5 nömrəli, Zarağan kənd 1 və 2 nömrəli, həmçinin Oğuz şəhərindəki 1 nömrəli və Padar kənd tam orta məktəblərində təşkil edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt iştirakçının buraxılış vərəqəsində göstərilib.
DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 1920 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 24 imtahan rəhbəri və 189 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 156 zal ayrılıb.
Qəbələdə keçirilən buraxılış imtahanında 1298 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 17 imtahan rəhbəri və 125 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 104 zal ayrılıb. Oğuz rayonunda isə buraxılış imtahanında 415 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 6 imtahan rəhbəri və 43 nəzarətçi cəlb olunub.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.