REGİONLAR
Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi arıçı fermerlər üçün təlimlər təşkil edir
Qax, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən şimal-qərb bölgəsində fəaliyyət göstərən arıçılar üçün “Arıçılığın təşkili və qışlama ilə əlaqədar profilaktik tədbirlərin rolu” mövzusunda təlimlər davam edir.
Regional Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, arıçı fermerlər üçün növbəti təlim Qax rayonunun Ləkit kəndində yerləşən arıçılıq təsərrüfatında keçirilib. Təlim zamanı arıçılara qışlamaya qoyulmuş arı ailələrinin gücünə uyğun çərçivə sayının müəyyənləşdirilərək, artıq çərçivələrin pətəklərdən götürülməsi tövsiyə olunub. Arıçıların diqqətinə çatdırılıb ki, yanvar-fevral aylarında arı ailələri təftiş edilməli və ana arıların olub-olmaması müəyyənləşdirilməlidir. Pətəkdə ana arı varsa, yanvarın birinci yarısında yumurta qoymağa başlayır. Əgər ana arı yoxdursa, deməli yuvalar yaxşı təmizlənməyib, pətəyin dibində şan qırıntıları qalıb. Bu zaman arı ailələrinə qış yemi verilərək onların məhv olmasının qarşısını almaq olar. Diqqətə çatdırılıb ki, anasını itirmiş arı ailəsini zəif bir ailə ilə birləşdirərək, onu yenidən həyata qaytarmaq mümkündür.
Təlim prosesində mərkəzin mütəxəssisləri tərəfindən arıçıları maraqlandıran suallar cavablandırılıb.