REGİONLAR
Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi fermerlər üçün iqlim dəyişiklikləri ilə bağlı seminar təşkil edib
Şəki, 22 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi şimal-qərb bölgəsində fəaliyyət göstərən fermerlər üçün “Qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinin minimuma endirilməsi sahəsində resursqoruyucu texnologiyaların – sıfır və minimal becərmə, tirəli və növbəli əkinlər, damla və yağış yağdırma suvarma sistemlərinin fermer təsərrüfatlarında tətbiqinin üstünlükləri” mövzusunda maarifləndirici seminarlar təşkil edib. Aprelin 14-dən 21-dək davam edən seminarlara Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan fermerlər qatılıblar.
Regional Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında bitkiçilik məhsulları istehsalının dinamik inkişafının təmin edilməsi ən başlıca məsələlərdən biridir. Lakin son yarım əsrdə baş verən qlobal iqlim dəyişiklikləri bu sahədə həll olunması təxirə salınmayan çətinliklər yaradıb. Maarifləndirici seminarların da əsas məqsədi bölgə fermerlərini innovativ yeniliklər barədə məlumatlandırmaqdır.
Seminarda fermerlərə iqlim dəyişiklikləri ilə əlaqədar yaranmış çətinliklərin həllində elmi metodlara əsaslanaraq işlənmiş və hazırda mütərəqqi əkinçilik mədəniyyəti formalaşmış ölkələrdə tətbiq edilən yeni texnologiyalar – sıfır və minimal becərmə, tirəli və növbəli əkinlər, qənaətedici suvarma sistemləri, damla və yağış yağdırma üsulu ilə sulama haqqında ətraflı məlumat verilib.
Seminarda fermerləri maraqlandıran bir sıra məsələlərə də aydınlıq gətirilib. Müzakirələr zamanı fermerlər yağmurların orta çoxillik normadan aşağı olması nəticəsində əkinlərdə normal çıxışın olmaması ilə bağlı narahatlıqlarını bildiriblər. Fermerlərə torpaqda olan nəmliyin qorunub saxlanması məqsədilə məhsul yığıldıqdan sonra sahədə yay şumu əvəzinə diskləmə aparılması, torpaqda əmələ gələn qaysaqların dağıdılması, torpaqda olan yarıqların ləğv olunmasının vacibliyi və digər məsələlər barədə məlumat verilib. Bildirilib ki, bu proseslər həmin dövrdə yağan yağmurların torpaqda daha çox toplanmasına imkan verir.