REGİONLAR


Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi fermerlər üçün təlimlər keçirir

Şəki, 12 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi taxılçılıqla məşğul olan fermerlər üçün “Payızlıq taxıl əkinlərində qulluq işlərinin davam etdirilməsi, yemləmə gübrəsinin verilməsi, xəstəlik və ziyanvericilərə qarşı mübarizə, təhlükəsizlik tədbirlərinin təşkili” mövzusunda təlimlərə start verib.

Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki rayonunun Turan qəsəbəsində 16 fermerin iştirakı ilə keçirilən təlim zamanı torpaq mülkiyyətçilərinə payızlıq taxıllara yemləmə gübrəsinin (ammonium nitrat) bitkinin inkişafından asılı olaraq bir neçə dəfəyə verilməsi, taxılın xəstəlik və zərərvericiləri, onlara qarşı işlədilən pestisidlər, təsir mexanizmi, faydalı və təhlükəli tərəfləri elmi əsaslarla izah edilib. Təlimdə, eyni zamanda, dərman vasitələrindən istifadə edən zaman fermerlərin təhlükəsizlik qaydalarına və ekoloji mühitin qorunmasına ciddi əməl etmələri, istifadə edilən dərman qablarının utilizasiyası üçün ciddi tədbir görmələri barədə ətraflı maarifləndirmə işi aparılıb.

Təlim zamanı fermerləri maraqlandıran məsələlərə də aydınlıq gətirilib. Müzakirələr zamanı diqqətə çatdırılıb ki, torpaqda olan nəmliyin qorunub saxlanması məqsədilə məhsul yığıldıqdan sonra sahədə yay şumu əvəzinə diskiləmə aparılması, torpaqda əmələ gələn qaysaqların dağıdılması və yarıqların ləğv olunması həmin dövrdə yağan yağmurların torpaqda daha çox toplanmasına imkan verir.

Növbəti təlim Qəbələ rayonunun Soltannuxa kəndində keçirilib. Təlim zamanı payızlıq taxıllara yemləmə gübrəsinin mərhələli şəkildə verilməsinin üstünlükləri, xəstəlik və zərərvericilərin vaxtında aşkar edilməsinin, onların inkişaf mərhələsinin düzgün təyin edilməsinin aparılan mübarizə tədbirlərinin səmərəli olmasında mühüm rol oynadığı fermerlərin diqqətinə çatdırılıb. Taxıl istehsalçılarına siçanabənzər gəmiricilərə və digər xüsusi təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirlərini həyata keçirən zaman təhlükəsizlik qaydalarına əməl olunması, mübarizə aparılan sahənin kənarında xəbərdaredici nişanların mütləq şəkildə qoyulması və mübarizə tədbirlərini həyata keçirən işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinin vacibliyi barədə təlimatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.