REGİONLAR


Şəki Regional Aqrokimya Laboratoriyası əkin torpaqlarının münbitliyinin qorunmasını təmin edir

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Şəki, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir. Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində ölkənin 11 inzibati ərazi bölgüsündə yaradılan Regional aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün böyük önəm daşıyır. Aqrar Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən aqrokimya laboratoriyaları bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında və məhsuldarlığın artmasında mühüm rola malikdir.

Şəki Regional Aqrokimya Laboratoriyası 230 min hektardan çox
əkinəyararlı torpaq sahələrinə xidmət edir

Regional aqrokimya laboratoriyalarından biri də Şəki rayonunda fəaliyyət göstərir. 2019-cu ilin iyununda fəaliyyətə başlayan regional laboratoriya Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edir.

AZƏRTAC-ın bölgə müxbiri Şəki Regional Aqrokimya Laboratoriyasında olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.

Regional laboratoriyanın müdiri Vüqar Atayev bildirib ki, laboratoriya Şəki-Zaqatala bölgəsində 230 min hektardan çox əkinəyararlı torpaq sahələrinə xidmət edir. Ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyada torpaq, su, bitki analizləri aparılır. Analizlərin aparılmasında müasir innovativ metodlar tətbiq olunur. Torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək və ondan səmərəli istifadə etmək, torpağın uzun müddət və davamlı istifadəsini təmin etmək, eyni zamanda, aqro-məsləhət almaq üçün əlavə imkan yaradır. Fermerlər laboratoriyanın imkanlarından istifadə etməklə əkinlərə gübrələrin balanslaşdırılmış şəkildə verilməsini təmin edə bilərlər. Bu da, öz növbəsində, məhsulun maya dəyərinin azalmasına, keyfiyyətinin yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olacaq.

Torpaqların analizi mineral və üzvi gübrələrdən
səmərəli istifadəni təmin edir

Laboratoriya müdirinin sözlərinə görə, torpaqların analizi məhsuldar torpaqların münbitliyinin qorunub saxlanılmasını, eyni zamanda, mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edir. Bununla belə, ətraf mühitin gübrələrlə çirklənməsinin qarşısını alır. “Laboratoriya məlumatlarının nəticələrindən istifadə etməklə torpaqların münbitlik göstəricilərinin monitorinqinin həyata keçirilməsi mümkün olur. Bu da, öz növbəsində, ərzaq təhlükəsizliyinin təmin olunması üçün əsas məqamlardandır”, - deyə Vüqar Atayev bildirib.

Torpağını analiz etdirən fermer dəqiq gübrələmə
strategiyası əldə edir

Torpaq analizlərinin aparılmasının əhəmiyyətini xüsusi vurğulayan laboratoriya müdiri bildirib ki, fermerlər torpaqlarını analiz etdirdikdən sonra dəqiq gübrələmə strategiyası əldə edirlər. Analizin nəticəsi olaraq, onlar torpağa yalnız lazım olan qida elementlərini verir, eyni zamanda, əlavə xərclərdən azad olurlar. Vüqar Atayev deyib: “Laboratoriyamız fəaliyyətə başlamazdan əvvəl fermerlər kortəbii şəkildə gübrələmə aparırdılar. Bu da yaxşı nəticə vermirdi. Torpağın pH-ı, yəni qaynağının və ya turşuluğunun ölçüsü bilinmədən gübrələmə strategiyasını düzgün həyata keçirmək mümkün deyil. Əgər pH yuxarıdırsa, deməli, torpaq qələvidir. PH aşağıdırsa, torpaq turşdur. Buna uyğun gübrə seçilməlidir. Tezliklə torpağa yemləmə gübrəsinin verilməsinə başlanılacaq. Yemləmə gübrəsinin hansı formada torpağa verilməsi başlıca şərtlərdən biridir”.

Laboratoriya müdiri qeyd edib ki, torpaqların analiz edilməsi prosesində ən mühüm addımlardan biri də nümunələrin düzgün götürülməsidir. Bu proses xüsusi diqqət tələb edir. Nümunə götürüləcək yerin düzgün seçilməsi, nümunələrin götürülmə forması, qablaşdırılması, eyni zamanda, nümunə haqqında məlumat aydın və tam yazılmalıdır. Nümunələrin koordinatları dəqiq qeyd edilməlidir.

Şəki Regional Aqrokimya Laboratoriyasına
müraciət edən fermerlərin sayı artıb

Qurum rəsmisinin sözlərinə görə, laboratoriyaya edilən müraciətlərin sayı get-gedə artır. Fermerlər əkib-becərdikləri torpaqları analiz etdirdikdən sonra düzgün gübrələmə strategiyası qurur və qısa müddətdə faydasını görürlər. Son nəticədə məhsuldarlıq yüksəlir. Belə olan halda digər fermerlərin də torpaq analizlərinə marağı artır. Əgər 2019-cu ildə Şəki Regional Aqrokimya Laboratoriyasında 80 fermerdən 726 torpaq nümunəsi götürülmüşdüsə, 2020-ci ildə müraciət edən fermerlərin sayı artaraq 145-ə, torpaq nümunələrinin sayı isə 1162-yə çatıb. Sevindirici haldır ki, 2021-ci ilin əvvəlində laboratoriyaya torpaq analizləri üçün artıq 104 fermer müraciət edib və onlardan 1700 torpaq nümunəsi götürülüb. Müraciət edən fermerlərin əksəriyyəti taxılçılıq sahəsi üzrə fəaliyyət göstərirlər. Son vaxtlar meyvə bağlarının sahibləri tərəfindən də müraciətlər olur.

Laboratoriya müdiri: Fermer əkib-becərdiyi torpağı yaxşı tanımalıdır

Müsahibənin sonunda Vüqar Atayev fermerlərə müraciət edərək deyib: “Arzu edirəm ki, hər bir fermer əkib-becərdiyi torpağı tanısın, torpağının tərkibini bilsin. Torpağı lazım olmayan maddələrlə yükləməsin, nə lazımdırsa, onu versin. Torpaqda məhsuldarlıq ilbəil artdıqca, lazım olan qida maddələrinin tükənməsi baş verir. Nəticədə torpaqda mənfi balans yaranır. Ona görə də fermerlər torpaqlarını davamlı şəkildə analiz etdirməlidirlər. Onlara məsləhətimiz odur ki, torpaq nümunələrini ya özləri laboratoriyaya gətirsinlər, yaxud da bizə müraciət etsinlər, mütəxəssislərimiz özləri gedib yerində torpaqdan analiz götürəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.