ELM VƏ TƏHSİL
Şəki Regional Elmi Mərkəzi Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, mərkəzin tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov və molekulyar biofizika şöbəsinin elmi işçisi Yevgeniya Bəkirova Özbəkistanın Margilan şəhərində keçirilən “Elmi inteqrasiyanın əhəmiyyəti və toxuculuq sənayesi müəssisələrində istehsalın təşkili prosesində aktual məsələlərin həlli” mövzusunda VI beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransda ipəkçiliyin yenidən əsaslı surətdə bərpası və inkişafı yollarının araşdırılması, ipəkçilikdə müasir innovativ texnologiyaların tətbiqi, bitki və zülal mənşəli liflərin bitkilərdən alınan ekoloji təmiz boyaqlarla boyanması üsulu və bu texnologiyaların işlənib hazırlanması mövzularında müzakirələr aparılıb.
Tədbirdə Polşa, Koreya, Yaponiya, Çin, Rusiya, Tacikistan, Hindistan və digər ölkələrin təbii lifləri öyrənən aparıcı mütəxəssisləri, tanınmış ipəkçi alimləri iştirak ediblər.
Konfransın işi “İpək texnologiyası”, “Toxuculuq materiallarının texnologiyası”, “Toxuculuq kimyası, nəzəriyyəsi və iqtisadiyyatı” bölmələri üzrə aparılıb. Beynəlxalq tədbirdə Y.Şükürlü “Biosintez prosesində fibroinin miqdarının artırılması perspektivləri”, Y.Bəkirova isə “İpəkçiliyin inkişafı və ipəyin emalı” mövzusunda məruzə ilə çıxış ediblər.
Sonda Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutu ilə AMEA-nın Şəki Regional Elmi Mərkəzi arasında ipəkçilik sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.