ELM VƏ TƏHSİL
Şəki Regional Elmi Mərkəzində “Nəsimi ili” çərçivəsində növbəti seminar keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində (ŞREM) “Nəsimi ili” çərçivəsində dahi şairin yaradıcılığına həsr olunan növbəti seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli sərəncamlarının əhəmiyyətini qeyd edib. O, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə məlumat verib.
Daha sonra mərkəzin Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov “Nəsimi yaradıcılığında lirik qəhrəman – “İlahi eşq”in yeri” mövzusunda məruzə ilə çıxış edib.
K.Adışirinov İmadəddin Nəsiminin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğunu söyləyib. Bildirib ki, Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının incilərindən sayıla bilər. Nəsimiyə görə eşq yalnız Allaha olmalıdır. “Eşq ilə vasil olurlar Tanrıya” deyən şair insanın yaradılışının mənbəyini eşqdə görüb.
Seminarda, həmçinin ŞREM-in Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri, doktorant Pakizə Zakirovanın “Təsəvvüf ədəbiyyatının mahiyyəti: təsəvvüf əhlinin sevgi hədəfi. Sufizmin hürufizm qolu. Nəimi Astrabadinin görüşləri” mövzusunda məruzəsi dinlənilib.