REGİONLAR
Şəki Regional Mədəniyyət İdarəsinin onlayn videokonfransında qarşıda duran vəzifələr müzakirə olunub
Şəki, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qurumun tabeliyində olan müəssisələrin fəaliyyətini müasir informasiya texnologiyalarından istifadə etməklə onlayn qaydada tənzimləyir və təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Regional İdarənin rəisi Mirvari Zeynalova mədəniyyət müəssisələrinin rəhbərləri ilə yanvarın 27-də keçirdiyi növbəti videokonfransda mədəniyyət naziri Anar Kərimovun mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkili ilə bağlı verdiyi tapşırıq və tövsiyələri bir daha diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi, Şuşada keçiriləcək “Xarı bülbül” festivalı, Vaqif Poeziya Günlərinin bərpa edilməsi ölkənin mədəniyyət həyatında əlamətdar hadisələrə çevriləcək. Bu baxımdan, mədəniyyət müəssisələrinin qarşısına çox mühüm vəzifələr düşür.
Videokonfransda, həmçinin Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələri ilə görüşlərin davam etdirilməsi, vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi, yanvarın 25-dən fəaliyyətləri bərpa edilən muzeylərin işinin müasir tələblərə uyğun qurulması, idarənin saytı üçün hazırlanan videoların keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlər geniş müzakirə olunub.
Sonda mədəniyyət müəssisələrinin rəhbərləri görüləcək işlər barədə məlumat veriblər.