Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi zəngin yaradıcılıq ənənələri ilə seçilir
AzerTAg.az
Şəki, 7 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı və səmərəli təşkili, onların bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi, istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Zəngin ənənələri olan bu Mərkəz nəinki Şəkinin, eləcə də bölgənin qabaqcıl təhsil müəssisələrindən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri Mərkəzdə olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.
Mərkəzin direktoru Xalidə Əliyeva bildirib ki, 1950-ci illərdə fəaliyyətə başlayan, 1992-ci ildən Uşaq Yaradıcılıq Mərkəzi, 2017-ci ildən isə Uşaq-Gənclər İnkişaf Mərkəzi kimi fəaliyyətini davam etdirən Mərkəz 2018-ci ildən Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, Xalq artisti Rasim Ocaqovun adını daşıyır. 2018-ci ildə Mərkəzin yerləşdiyi bina əsaslı təmir olunub, zəruri inventar və avadanlıqla təchiz edilərək şagird və müəllimlərin istifadəsinə verilib.
Direktorun sözlərinə görə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə Təhsil sektorunun tabeliyində olan bu Mərkəzdə hazırda bədii qiraət, dram, rəsm, informatika, musiqi, rəqs, bacarıqlı əllər, toxuma, ingilis və rus dilləri, arifmetrik hesablama, biçmə-tikmə, informatika, modelçilik və digər dərnəklər fəaliyyət göstərir. Bu dərnəklərdə, ümumilikdə, 1065 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur.
Mərkəzdə dərnək fəaliyyəti ilə yanaşı, mədəni-kütləvi tədbirlərin keçirilməsinə də xüsusi diqqət yetirildiyini vurğulayan Xalidə Əliyeva deyib: “Keçirilən tədbirlərin bir məqsədi var - şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək, Vətəni sevdirmək, onları düzgün istiqamətləndirmək, asudə vaxtlarının mənalı və səmərəli təşkilinə nail olmaq. Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinə daha çox diqqət ayırırıq. “Könlüm keçir Qarabağdan”, “Nənələrdən miras qalan ismətimdir kəlağayı” və digər bu kimi tədbir, müsabiqə və festivallarda təkcə Şəkinin deyil, ətraf rayonlardan gəlmiş uşaq, yeniyetmə və gənclər də fəal iştirak ediblər”.
Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi respublika səviyyəli tədbirlərdə də uğurla iştirak edib, müəssisənin yetirmələri müsabiqə, sərgi və festivallarda diplom, fəxri fərman və sertifikatlara layiq görülüblər.










Xəbərin mətnində orfoqrafik səhv var